Çeviriler Sureler
AZERBAIJANI

15 - ər-Hicr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö'cüzə olan) Qur'anın ayələridir.
 
2Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
 
3(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
 
4Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.
 
5Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.
 
6(Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
 
7Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!"
 
8(Allah onların cavabında buyurdu: ) "Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərəəzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz!
 
9Şübhəsiz ki, Qur'anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"
 
10(Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.
 
11Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!
 
12(Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!
 
13Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qur'ana) inanmazlar.
 
14Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini vəəzamətini görsələr) yenə də (inanmayıb):
 
15"Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır)", - deyərlər.
 
16Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla) bəzədik.
 
17Onları hər bir məl'un (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq.
 
18Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məş'əl) tə'qib edər (və üstünə düşüb yandırar).
 
19Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.
 
20Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir).
 
21(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə mə'lumdur).
 
22Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə yağdırar).
 
23Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da Bizik!)
 
24Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)
 
25Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
 
26Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!
 
27(Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
 
28(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
 
29Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, tə'zim məqsədilə) səcdə edin!"
 
30Bundan sonra mələklərin hamısı ona (tə'zim məqsədilə) səcdə etdilər.
 
31Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
 
32(Allah buyudu: ) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?"
 
33(Şeytan) dedi: "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!" (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)
 
34(Allah) buyurdu: "Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl'unsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
 
35Sən qiyamət gününə qədər lə'nətlənmişsən!"
 
36(İblis) dedi: "Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!"
 
37(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən"
 
38Ancaq mə'lum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!
 
39(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
 
40Yalnız Sənin sadiq bəndələrindən başqa!"
 
41(Allah) buyurdu: "Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)
 
42Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!
 
43Şübhəsiz ki, Cəhənnəm onların hamısına və'd olunmuş (onları gözləyən) yerdir!
 
44(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.
 
45Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar.
 
46Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!"
 
47Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.
 
48Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdəəbədi qalacaqlar).
 
49(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!
 
50Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!
 
51Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!
 
52O zaman ki, onlar onun hüzuruna daxil olub: "Salam!" - dedilər. (İbrahim də qonaqların yeməyəəl uzatmadıqlarını görüb: ) "Biz, həqiqətən, sizdən qorxuruq!" - dedi.
 
53Onlar: "Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!" - deyə cavab verdilər.
 
54(İbrahim: ) "Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?" - deyə soruşdu.
 
55(Mələklər: ) "Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından) ümidini üzənlərdən olma!" - dedilər
 
56(İbrahim) dedi: "(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!"
 
57"Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir?" - dedi.
 
58(Mələklər) belə cavab verdilər: "Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik.
 
59Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısı xilas edəcəyik!
 
60Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!"
 
61Elçilər (mələklər) Lutun yanına gələndə
 
62(Lut) dedi: "Siz yad adamlarsınız (mən sizi tanımıram)!"
 
63(Mələklər) belə cavab verdilər: "Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!
 
64Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!
 
65Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizəəmr olunan yerə gedin!"
 
66Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq.
 
67(Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi.
 
68(Lut) dedi: "Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!
 
69Allahdan qorxun və məni xar etməyin!
 
70Onlar: "Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?" - deyə soruşdular.
 
71(Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!"
 
72(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).
 
73Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.
 
74Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.
 
75Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!
 
76Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!
 
77Bunda mö'minlər üçün, sözsüz ki, bir ibrət vardır!
 
78Şübhəsiz ki, Əykəəhli də (sıx meşəlikdə yaşayan Şüeyb tayfası da) zalım idi. (Onlar Allaha asi olmaqla özlərinə zülm etdilər).
 
79(Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum vəƏykənin qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət almırlar).
 
80Həqiqətən , (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar.
 
81Biz onlara (Hicr əhalisinə) mö'cüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər (bu mö'cüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər).
 
82Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər qurudular.
 
83Səhər çağı dəhşətli (tükürpədici) səs onları bürüdü.
 
84Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).
 
85Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).
 
86Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!
 
87(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Qur'anı verdik.
 
88(Kafirlərin) bə'zi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük ne'mətlər gözləyir), mö'minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et!)
 
89Və de: "Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!"
 
90Eynilə (Qur'anı) bölənlərə endirdiyimiz (əzab) kimi!
 
91O kəslər ki, Qur'anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Qur'anın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bə'zisi Qur'anı şe'r, bə'zisi sehr, bə'zisi isə kahinlik əsəri adlandırırdı).
 
92(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik -
 
93(Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)
 
94(Ya Rəsulum!) Sənəəmr olunanı (Qur'anı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!
 
95Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.
 
96O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər!
 
97(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik!
 
98Sən isə Rəbbini tə'rifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol!
 
99Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!
 
 
ReadTheQuran.org