Çeviriler Sureler
AZERBAIJANI

55 - ər-Rəhman

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Rəhman! (Mərhəmətli olan Allah!)
 
2(Öz peyğəmbərinə) Qur'anı öyrətdi.
 
3İnsanı yaratdı.
 
4Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
 
5Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
 
6Otlar da, ağaclar da (Allaha) səcdə edər!
 
7Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
 
8Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
 
9Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)
 
10Yeri də (bütün) məxluqat üçün O döşədi.
 
11Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;
 
12(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.
 
13(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
14İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
 
15(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
 
16Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
17İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.
 
18Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
19(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
 
20Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
 
21Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
22Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
 
23Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
24Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
 
25Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
26(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
 
27Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
 
28Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
29Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
 
30Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
31Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik).
 
32Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
33Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)
 
34Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
35(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.
 
36Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
37(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!
 
38Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
39O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir!)
 
40Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
41Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir).
 
42Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
43(Onlara belə deyiləcəkdir: ) "Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!"
 
44Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.
 
45Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
46Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!
 
47Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
48(O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir).
 
49Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
50Orada (o cənnətlərdə) iki axar bulaq vardır.
 
51Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
52Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö'minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
 
53Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
54Onlar (mö'minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö'minlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).
 
55Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
56Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
 
57Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
58Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
 
59Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
60Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!
 
61Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
62Onlardan (o iki cənnətdən) başqa (mö'minlər üçün) daha iki cənnət (Firdovs və Mə'va cənnətləri) vardır.
 
63Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
64(O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).
 
65Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
66Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
 
67Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
68Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.
 
69Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
70Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.
 
71Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
72Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
 
73Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
74Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.
 
75Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
76Onlar (mö'minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.
 
77Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
 
78(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!
 
 
ReadTheQuran.org