Çeviriler Sureler
AZERBAIJANI

69 - əl-Haqqə

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Haqq olan qiyamət!
 
2Nədir qiyamət?!
 
3Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
 
4Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
 
5Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
 
6Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
 
7Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünəəsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
 
8İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
 
9Fir'on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö'təfikəəhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
 
10Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
 
11Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
 
12Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
 
13Sur bircə dəfə üfürüləcəyi;
 
14Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
 
15Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
 
16Və (göy) süst düşüb parçalanacaqdır!
 
17Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
 
18O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
 
19Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
 
20Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!"
 
21Bundan belə o, xoş güzəran içində,
 
22Yüksək bir Cənətdə olacaqdır.
 
23(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
 
24(Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
 
25Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
 
26Hesabımın nə olduğunu bilməyəydim!
 
27Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
 
28Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
 
29Mülküm (səltənətim) də məhv olub getdi!"
 
30(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
 
31Sonra da Cəhənnəmə atın!
 
32Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
 
33Çünki o, böyük olan Allaha inanmırdı.
 
34O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
 
35Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
 
36İrindən başqa bir yeməyi də yoxdur.
 
37Onu ancaq günahkarlar yeyər!"
 
38And içirəm gördüklərinizə,
 
39Və görmədiklərinizə ki,
 
40Bu (Qur'an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
 
41O, şair sözü deyildir! Nə az inanırsınız!
 
42O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
 
43O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
 
44Əgər o (Peyğəmbər) özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi,
 
45Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
 
46Sonra onun şah damarını qopardardıq!
 
47Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
 
48Şübhəsiz ki, bu (Qur'an) müttəqilərə bir öyüd-nəsihətdir.
 
49(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
 
50Şübhəsiz ki, bu (Qur'an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
 
51Doğrudan da, bu (Qur'an) gerçək bir həqiqətdir.
 
52Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!
 
 
ReadTheQuran.org