Çeviriler Sureler
AZERBAIJANI

70 - əl-Məaric

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
 
2(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
 
3(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
 
4Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
 
5(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et!
 
6Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
 
7Biz isə onu yaxın görürük (ona inanırıq).
 
8O gün göy göyərmiş mis kimi olacaq;
 
9Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
 
10Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
 
11Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;
 
12Övrətini və qardaşını;
 
13(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
 
14Və yer üzündə olanların hamısını - təki özünü (Allahın əzabından) qurtarsın!
 
15Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
 
16(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).
 
17Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
 
18Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
 
19Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
 
20Ona bir pislik üz verdikdə fəryad qoparar.
 
21Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
 
22Namaz qılanlar istisnadır!
 
23O kəslər ki, daim namaz qılarlar;
 
24O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -
 
25Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;
 
26O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
 
27O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
 
28Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
 
29O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
 
30Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
 
31Bundan artığını istəyənlər isə həddi aşanlardır;
 
32O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
 
33O kəslər ki, düzgün şəhadət verərlər
 
34Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
 
35Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
 
36(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
 
37Sağdan və soldan dəstə-dəstə gəlirlər?
 
38Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
 
39Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e'tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
 
40Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
 
41Onları özlərindən daha yaxşısı iləəvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt'i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
 
42Elə isə (ya Peyğəmbər!) qoy onlar və'd olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
 
43O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
 
44Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və'd olunmuş həmin qiyamət günüdür!
 
 
ReadTheQuran.org