Çeviriler Sureler
AZERBAIJANI

75 - əl-Qiyamə

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And içirəm qiyamət gününə;
 
2And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
 
3Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
 
4Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
 
5Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
 
6Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deyə soruşar.
 
7Göz (heyrətdən) bərələcəyi;
 
8Ay tutulacağı;
 
9Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
 
10Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir.
 
11Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
 
12O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
 
13O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
 
14Doğrusu, insan özü-özünə şahiddir!
 
15O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
 
16(Ya Peyğəmbər! Cəbrail sənə Qur'an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur'anı təkrar etmə, yalnız dinlə!)
 
17Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
 
18Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
 
19Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
 
20Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
 
21Axirəti isə tərk edirsiniz.
 
22O gün neçə-neçə üzlər sevinib güləcək,
 
23Öz Rəbbinə baxacaqdır!
 
24O gün neçə-neçə üzlər tutulub qaralacaq,
 
25(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
 
26Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
 
27"(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi,
 
28(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
 
29Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
 
30Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
 
31Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur'anı) təsdiq etdi, nə də namaz qıldı.
 
32Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
 
33Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
 
34Vay sənin halına, vay!
 
35Yenə də vay sənin halına, vay!
 
36Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
 
37Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
 
38Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
 
39Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
 
40Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
 
 
ReadTheQuran.org