Çeviriler Sureler
AZERBAIJANI

77 - əl-Mursəlat

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
 
2And olsun şiddətləəsənlərə (və ya yel kimi tez gedənlərə);
 
3And olsun (Allahın ayələrini, kitablarını vəəmrlərini) yayanlara;
 
4And olsun (haqla batili) ayıranlara;
 
5And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
 
6(Mö'minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
 
7Sizə və'd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
 
8Ulduzlar sönəcəyi;
 
9Göy yarılacağı;
 
10Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
 
11Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
 
12(Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
 
13(Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!"
 
14Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
 
15O gün vay halına (qiyaməti) yalan sayanların!
 
16Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
 
17Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
 
18Biz günahkarlarla belə rəftar edirik.
 
19O gün vay halına (qiyaməti) yalan sayanların!
 
20Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
 
21Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
 
22Müəyyən bir vaxta qədər.
 
23Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
 
24O gün vay halına (qiyaməti) yalan sayanların!
 
25Məgər Biz yeri məskən etmədikmi
 
26Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
 
27Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
 
28O gün vay halına (bu ne'mətləri) yalan sayanların!
 
29(O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
 
30Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"
 
31O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
 
32O (hər biri) bir saray boyda qığılcımlar saçar.
 
33O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
 
34O gün vay halına (qiyaməti) yalan sayanların!
 
35Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
 
36Onlara üzr istəməyə izin də verilməz.
 
37O gün vay halına (qiyaməti) yalan sayanların!
 
38Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
 
39(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
 
40O gün vay halına (qiyaməti) yalan sayanların!
 
41Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
 
42İstədikləri meyvə içində olacaqlar!
 
43(Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
 
44Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"
 
45O gün vay halına (qiyaməti) yalan sayanların!
 
46(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
 
47O gün vay halına (qiyaməti) yalan sayanların!
 
48Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar!
 
49O gün vay halına (qiyaməti) yalan sayanların!
 
50(Bu kafirlər) ona da (Qur'ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
 
 
ReadTheQuran.org