Çeviriler Sureler
AZERBAIJANI

80 - Əbəsə

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
 
2Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
 
3Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
 
4Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
 
5(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
 
6Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
 
7Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
 
8Yüyürə-yüyürə sənin yanına gələn
 
9Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
 
10Sən ondan üz çevirirsən!
 
11Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
 
12Kim istəsə, ondan öyüd alar.
 
13(Bu Qur'an Allah dərgahında) çox möhtərəm (mö'təbər) səhifələrdə -
 
14(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
 
15(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e'tibar edilmişdir).
 
16(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt'idirlər.
 
17Ölsün (kafir) insan! O nə nankordur!
 
18(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
 
19(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
 
20Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
 
21Sonra onu öldürüb qəbrə qoydu.
 
22Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
 
23Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
 
24İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
 
25Həqiqətən, Biz yağışı bol yağdırdıq.
 
26Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
 
27Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
 
28Üzüm və yonca;
 
29Zeytun və xurma (bağları);
 
30(Ağacları bir-birinə) sarmaşan bağçalar;
 
31(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
 
32(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
 
33Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
 
34O gün insan qaçacaq öz qardaşından;
 
35Anasından, atasından;
 
36Zövcəsindən və oğullarından!
 
37O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
 
38O gün bir çox üzlər parlayacaq,
 
39Güləcək, sevinəcəkdir.
 
40O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
 
41Onları zülmət (yaxud his) bürüyəcəkdir.
 
42Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!
 
 
ReadTheQuran.org