Çeviriler Sureler
AZERBAIJANI

83 - əl-Mutəffifin

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Vay halına çəkidə və ölçüdə aldadanların!
 
2O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
 
3Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
 
4Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
 
5Özü də dəhşətli bir gündə?!
 
6O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
 
7Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
 
8Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
 
9O, yazılı bir kitabdır!
 
10O gün vay halına yalan sayanların!
 
11O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
 
12Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
 
13Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər.
 
14Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
 
15Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
 
16Sonra Cəhənnəmə varid qalacaqlar.
 
17Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir.
 
18Xeyr! (Mö'minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö'minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
 
19Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
 
20O, yazılı bir kitabdır.
 
21Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
 
22Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö'minlər Nəim cənnətlərində olacaqlar.
 
23Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne'mətlərə) tamaşa edəcəklər.
 
24Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
 
25Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
 
26Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
 
27Ona təsnim (suyu) qatılmışdır.
 
28O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
 
29Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
 
30(Mö'minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
 
31Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
 
32Onlar (mö'minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər.
 
33Halbuki onlara (mö'minlərə) nəzarətçi göndərilməmişdir.
 
34Bu gün isə mö'minlər kafirlərə güləcəklər.
 
35Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
 
36Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
 
 
ReadTheQuran.org