Çeviriler Sureler
AZERBAIJANI

84 - əl-İnşiqaq

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Göy yarılacağı,
 
2Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;
 
3Yer uzanıb dümdüz olacağı;
 
4Qoynunda olanları bayıra atıb boşaldacağı;
 
5Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!
 
6Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
 
7Kimin əməl dəftəri sağ əlinə verilmişsə,
 
8Onun yüngül haqq-hesab çəkiləcək
 
9Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!
 
10Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,
 
11O: "Ay öldüm!" - deyə şivən qopardacaq,
 
12Və Cəhənnəmə vasil olacaqdır!
 
13O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.
 
14Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
 
15Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.
 
16And içirəm şəfəqə,
 
17Gecəyə və (gecənin) qoynuna aldıqlarına,
 
18Bədirlənməkdə olan aya ki,
 
19Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
 
20Onlara nə olub ki, iman gətirmirlər?
 
21Özlərinə Qur'an oxunduqda səcdə etmirlər?
 
22Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.
 
23Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
 
24(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!
 
25İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
 
 
ReadTheQuran.org