Çeviriler Sureler
AZERBAIJANI

85 - əl-Buruc

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun bürclər sahibi olan göyə;
 
2And olsun və'd olunmuş günə (qiyamət gününə);
 
3And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə vəƏrəfə günlərinə) ki,
 
4(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə'nətə düçar olub) qətl edildilər.
 
5O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
 
6O zaman onlar (xəndəklərin) kənarında oturub,
 
7(Öz əsgərlərinin) mö'minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
 
8Onlardan (mö'minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
 
9O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
 
10Şübhəsiz ki, mö'min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
 
11İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
 
12Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
 
13Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
 
14(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
 
15Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
 
16O, istədiyini edəndir.
 
17(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
 
18Fir'on və Səmud (ordularının)?
 
19Xeyr, kafir olanlar (səni və Qur'anı) elə hey təkzib etməkdədirlər.
 
20Onların bütün ixtiyarı Allahın əlindədir!
 
21Xeyr, o (şe'r deyil) şanlı-şərəfli Qur'andır!
 
22O, lövhi-məhfuzdadır! (Qur'an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
 
 
ReadTheQuran.org