Çeviriler Sureler
AZERBAIJANI

89 - əl-Fəcr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun dan yerinə;
 
2And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
 
3And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
 
4And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
 
5Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
 
6(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
 
7Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
 
8(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
 
9(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
 
10Eləcə də saysız-hesabsız ordular sahibi Fir'ona?!
 
11O kəslər ki, məmləkətlərdə tüğyan edir,
 
12Oralarda çoxlu fitnə-fəsad törədirlər.
 
13Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
 
14Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
 
15İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne'mət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər.
 
16Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" - söyləyər.
 
17Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
 
18Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
 
19Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
 
20Mal-dövləti isə lap çox sevirsiniz.
 
21Xeyr! Yer dağılıb parça-parça olacağı;
 
22Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
 
23Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
 
24O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir.
 
25O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
 
26(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
 
27(Qiyamət günü Allah-təala mö'min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, əməlindən və Allahın və'dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!")
 
28Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
 
29(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
 
30(Onlarla birlikdə) Cənnətimə varid ol!"
 
 
ReadTheQuran.org