Çeviriler Sureler
AZERBAIJANI

91 - əş-Şəms

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
 
2And olsun (günəşin) ardınca çıxan aya;
 
3And olsun onu (günəşi) parlaq edən gündüzə;
 
4And olsun onu (günəşi) örtən gecəyə;
 
5And olsun göyə və onu yaradana;
 
6And olsun yerə və onu döşəyənə;
 
7And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
 
8Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
 
9Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
 
10Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.
 
11Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.
 
12Onların ən rəzili (Allahın bir mö'cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman
 
13Allahın peyğəmbəri onlara belə demişdi: "Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).
 
14Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.
 
15(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)
 
 
ReadTheQuran.org