___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

35 - Fatir

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
 
2Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne'mətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
 
3Ey insanlar! Allahın sizə olan ne'mətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?
 
4Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır (qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım göstəriləcəkdir!)
 
5Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və'di haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!
 
6Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.
 
7Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat (Cənnət) gözləyir!
 
8Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!
 
9Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir!
 
10Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.
 
11Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
 
12İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzəət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne'mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.
 
13(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.
 
14Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!
 
15Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə'rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
 
16Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.
 
17Bu, Allah üçün çətin deyildir!
 
18Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!
 
19Kor ilə görən eyni olaz.
 
20Zülmətlə nur da (eyni deyildir)!
 
21Kölgə (sərin) ilə isti (eyni olmaz).
 
22Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mö'min, küfrlə iman, Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!
 
23Sən ancaq (müşrikləri, kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən!
 
24Doğrudan da, Biz səni haqla (Qur'anla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!
 
25Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar (heç ürəyini qısma). Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri onlara açıq-aşkar mö'cüzələr, səhifələr və (Tövrat, İncil kimi) nurani kitab gətirmişdilər.
 
26Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları inkar etməyim (ne'mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
 
27(Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ, qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) peyda etdik.
 
28İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət vəəzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (mö'minləri) bağışlayandır!
 
29Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki,
 
30(Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol ne'mət əta edər).
 
31(Ya Peyğəmbər!) Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab (Qur'an) haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır, (hər, şeyi) görəndir!
 
32Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əmələrdən çox olar), kimisi mö'tədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!
 
33Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
 
34Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!
 
35Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!"
 
36Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə dəəzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!
 
37Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!" (Onlara belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!"
 
38Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!
 
39Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin küfrü öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!
 
40(Ya Rəsulum! Məkkə müşriklərinə) de: "Mənə bir göstərin (deyin) görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara (ilahi) bir kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və'd verirlər.
 
41Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər).
 
42(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar).
 
43(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!
 
44Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
 
45Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Çünki Allah öz bəndələrini görəndir!