75 - əl-Qiyamə |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | And içirəm qiyamət gününə; |
|
2 | And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) |
|
3 | Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! |
|
4 | Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! |
|
5 | Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. |
|
6 | Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deyə soruşar. |
|
7 | Göz (heyrətdən) bərələcəyi; |
|
8 | Ay tutulacağı; |
|
9 | Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - |
|
10 | Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir. |
|
11 | Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! |
|
12 | O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! |
|
13 | O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! |
|
14 | Doğrusu, insan özü-özünə şahiddir! |
|
15 | O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! |
|
16 | (Ya Peyğəmbər! Cəbrail sənə Qur'an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur'anı təkrar etmə, yalnız dinlə!) |
|
17 | Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. |
|
18 | Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. |
|
19 | Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! |
|
20 | Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. |
|
21 | Axirəti isə tərk edirsiniz. |
|
22 | O gün neçə-neçə üzlər sevinib güləcək, |
|
23 | Öz Rəbbinə baxacaqdır! |
|
24 | O gün neçə-neçə üzlər tutulub qaralacaq, |
|
25 | (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! |
|
26 | Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, |
|
27 | "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi, |
|
28 | (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, |
|
29 | Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, |
|
30 | Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! |
|
31 | Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur'anı) təsdiq etdi, nə də namaz qıldı. |
|
32 | Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. |
|
33 | Sonra da özünü darta-darta ailəsinin yanına getdi. |
|
34 | Vay sənin halına, vay! |
|
35 | Yenə də vay sənin halına, vay! |
|
36 | Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! |
|
37 | Məgər o tökülən bir qətrə nütfə deyildimi?! |
|
38 | Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). |
|
39 | Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. |
|
40 | Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! |
|