54 - əl-Qəmər |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö'cüzəsi ilə) parçalandı. |
|
2 | Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö'cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" - deyərlər. |
|
3 | Onlar (ayın parçalanmasını, digər mö'cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!) |
|
4 | And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. |
|
5 | (Bu Qur'an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! |
|
6 | Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! |
|
7 | Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. |
|
8 | Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" - deyəcəklər. |
|
9 | Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: "(Bu) divanədir!" - demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi. |
|
10 | (Nuh) Rəbbinə dua edib: "Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!" - dedi. |
|
11 | Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq. |
|
12 | Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu. |
|
13 | Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik. |
|
14 | (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi. |
|
15 | And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
16 | Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
|
17 | And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
18 | Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
|
19 | Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik. |
|
20 | O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı. |
|
21 | (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
|
22 | And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
23 | Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. |
|
24 | Onlar demişdilər: "Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! |
|
25 | Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!" |
|
26 | (Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) "Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! |
|
27 | Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz! |
|
28 | Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!" |
|
29 | Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi. |
|
30 | (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
|
31 | Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər. |
|
32 | And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
33 | Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. |
|
34 | Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik; |
|
35 | Dərgahımızdan bir lütf olaraq! Biz (ne'mətimizə) şükür edəni belə mükafatlandırırıq! |
|
36 | And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar. |
|
37 | Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) "İndi əzabımı və təhdidlərimi dadın!" - (dedik). |
|
38 | And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular). |
|
39 | (Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik). |
|
40 | And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
41 | And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir'on əhlinə də gəlib çatmışdı. |
|
42 | Onlar ayələrimizin (mö'cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq. |
|
43 | (Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?! |
|
44 | Yoxsa onlar: "Biz (Muhəmməd və mö'minlərdən) intiqam ala biləcək bir zümrəyik!" - deyirlər? |
|
45 | (Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır! |
|
46 | Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir). |
|
47 | Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər). |
|
48 | O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!" (deyiləcəkdir). |
|
49 | Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. |
|
50 | Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!) |
|
51 | And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
52 | Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! |
|
53 | Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! |
|
54 | Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, |
|
55 | (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! |
|